Xəstəlik
Öd kisəsi daşları
Öd kisəsi daşları çox geniş yayılıb və daşı olan insanların əhəmiyyətli hissəsi bunu heç vaxt bilmir — daşlar illərlə əlamətsiz qala bilər. Problem daş öd kisəsinin çıxışını tıxadıqda başlayır.
Bu səhifədə
Əlamətlər və sancı
Tipik şikayət öd sancısıdır: sağ qabırğaaltı nahiyədə və ya qarnın yuxarı hissəsində başlayan, kürəyə və sağ çiyinə yayıla bilən ağrı. Ağrı çox vaxt yağlı yeməkdən sonra, bəzən gecə başlayır, dalğavari şəkildə güclənir və bir neçə saat davam edə bilər.
- Sağ qabırğaaltı nahiyədə tutmaşəkilli ağrı
- Ağrının kürəyə və sağ çiyinə yayılması
- Ürəkbulanma və qusma
- Yağlı qidadan sonra ağırlıq və köp hissi
- Həzm pozğunluğu və qıcqırma
Risk amilləri
- Qadın cinsi
- Yaşın artması
- Piylənmə və sürətli çəki itkisi
- Hamiləlik və doğuşların sayı
- Ailə anamnezi
- Şəkərli diabet
- Bəzi dərmanlar və hormonal müalicələr
- Yağla zəngin, liflə kasıb qidalanma
Ağırlaşmalar
Daşların əsas təhlükəsi ağırlaşmalardır. Bunlar tutmalardan fərqli olaraq təxirəsalınmaz müdaxilə tələb edə bilər:
- Kəskin xolesistit — öd kisəsinin kəskin iltihabı; davamlı ağrı və hərarətlə gedir
- Xoledoxolitiaz — daşın əsas öd yoluna düşməsi
- Mexaniki sarılıq — öd axınının tıxanması; dərinin saralması ilə
- Xolangit — öd yollarının iltihabı; hərarət, sarılıq və ağrı ilə
- Kəskin pankreatit — daşın mədəaltı vəzi axarını tıxaması
- Öd kisəsinin deşilməsi — nadir, lakin ağır ağırlaşma
Diaqnostika
-
Klinik qiymətləndirmə
Ağrının xarakteri, qida ilə əlaqəsi, tutmaların tezliyi və müddəti dəqiqləşdirilir.
-
Qarın ultrasəsi
Öd kisəsi daşlarının aşkarlanmasında ilk və çox vaxt kifayət edən üsuldur. Divarın qalınlığı və iltihab əlamətləri də qiymətləndirilir.
-
Qan analizləri
Qaraciyər fermentləri, bilirubin, iltihab göstəriciləri və mədəaltı vəzi fermentləri ağırlaşmanın olub-olmadığını göstərir.
-
Əlavə görüntüləmə
Öd yolunda daş şübhəsi olduqda MRCP və ya kompüter tomoqrafiyası tətbiq edilir.
Müalicə
Əlamət verən öd kisəsi daşlarında standart müalicə öd kisəsinin cərrahi yolla çıxarılmasıdır — bu, adətən laparoskopik üsulla icra olunur. Yalnız daşların çıxarılıb kisənin saxlanması tətbiq olunmur, çünki daşlar yenidən yaranır.
Əlamətsiz daşların bir qismi müşahidə altında saxlanıla bilər. Lakin daşların ölçüsü və sayı, kisə divarındakı dəyişikliklər və ya müşayiət edən xəstəliklər profilaktik əməliyyat üçün əsas ola bilər. Qərar fərdi verilir. Cərrahi müalicə haqqında ətraflı.
Təcili müraciət tələb edən hallar
- Dərinin və göz ağının saralması
- Yüksək hərarət və titrətmə ilə birlikdə sağ qabırğaaltı ağrı
- Bir neçə saat keçməyən güclü ağrı
- Davamlı qusma və maye qəbul edə bilməmək
- Kürəyə yayılan güclü qurşaqvari ağrı
- Sidiyin tündləşməsi və nəcisin rənginin açılması
Bu əlamətlərdə gecikmədən müraciət edin — 103.
Ən çox verilən suallar
Daşlar dərmanla və ya bitki müalicəsi ilə əriyə bilərmi?
Dərmanla daş əridilməsi çox məhdud hallarda tətbiq olunur, uzun müddət tələb edir və daşların təkrar yaranma ehtimalı yüksəkdir. Bitki mənşəli vasitələrin daşları əritdiyinə dair etibarlı elmi dəlil yoxdur; bəzi hallarda daşın hərəkətə gəlməsi ağırlaşmaya səbəb ola bilər.
Yalnız daşları çıxarıb öd kisəsini saxlamaq olarmı?
Praktikada bu tətbiq olunmur. Daş yaradan problem kisənin özündədir, buna görə kisə saxlanılarsa daşlar yenidən əmələ gəlir. Standart yanaşma kisənin çıxarılmasıdır.
Öd kisəsi çıxarıldıqdan sonra pəhriz saxlamalıyammı?
İlk həftələrdə yağlı qidalara tədricən keçid tövsiyə olunur. Sonrakı dövrdə xəstələrin çoxu ciddi məhdudiyyət olmadan qidalanır. Bəzilərində müəyyən müddət həzm dəyişiklikləri müşahidə oluna bilər.
Daşım var, amma şikayətim yoxdur — nə etməliyəm?
Əlamətsiz daşlar bir çox halda müşahidə altında saxlanılır. Lakin bəzi hallarda profilaktik əməliyyat məsləhət görülə bilər. Qərar üçün müayinə olunmaq lazımdır — bu, təcili deyil, lakin təxirə salınmamalıdır.
Sancı tutması keçdi — deməli problem həll olundu?
Xeyr. Sancının keçməsi daşın yerini dəyişdiyini göstərir, yox olduğunu deyil. Tutmalar adətən təkrarlanır və hər təkrarda ağırlaşma riski qalır. Tutmadan sonra müayinə olunmaq lazımdır.
Yenilənib: